Bakı Ağır Cinayətlər Məhkəməsində kafeni yandırmaqda ittiham olunan Famil Kərimovun cinayət işi üzrə növbəti proses keçirilib.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər məhkəmədə ifadə veriblər. Onlar hadisə günü və baş verənlər barədə detalları çatdırıblar.
Obyekti icarəyə götürərək kafe kimi işlədiyini bildirən H.Ə deyib ki, Famil və dostları həmin gün kafeyə gəlib, içkili olublar və divardakı aynanı sındırıblar. Sonradan Famil üzrxahlıq edib, mahnı sifariş verərək oynayıb. Ofisiant Şəhriyara qəlyan gətirilməsi tapşırılıb, lakin onun içəridə çəkməyə icazə olmadığını bildirməsi Familin qəzəbinə səbəb olub.
H.Ə qeyd edib ki, Famil Şəhriyara yaxınlaşaraq onu kafenin içərisindən çıxarmağa çalışıb, Şəhriyar işə davam etdiyini deyərək getməkdən imtina edib. Bu vaxt Famil "buraya od vurub yandıracam" deyə hədələyib, sonra obyektin xaricinə çıxaraq benzinlə dolu qab gətirib və əvvəlcə H.Ə-nin üstünə, daha sonra digər insanlara benzin səpib.
Zərərçəkən bildirib ki, Famil benzinə od vurduqdan sonra qapını bağlayaraq insanların çölə çıxmasını əngəlləyib. H.Ə məruz qalmış ümumi ziyanın 27 339 manat olduğunu söyləyib.
Digər zərərçəkən U.İ deyib ki, dostları və iş yoldaşları ilə kafedə əyləşiblər və birdən yanğın başlayan zaman qaranlıq düşüb. U.İ pəncərədən özünü çölə tulladığını, sonradan kameradan baxanda birinci olaraq küçəyə atılan şəxsin Ceyhun olduğunu gördüklərini bildirib. O, belində 2-ci və 3-cü dərəcə sınıqlar, aln və bud sümüyündə çatlar olduğunu, hazırda yeriməkdə çətinlik çəkdiyini və əl ağacından istifadə etdiyini qeyd edib.
Hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Kafenin inzibatçısı ilə mübahisə edən Famil oradan çıxaraq yaxınlıqdakı marketdən plastik su qabı alıb, sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq kafeyə geri dönüb və benzini səpərək obyekti yandırıb.
Yanğın zamanı kafedə müştəri olan Ceyhun Əhmədli ikinci mərtəbədən özünü atıb və aldığı xəsarətlərdən vəfat edib. Bundan başqa, kafedə olan 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar; onlardan bəziləri ikinci mərtəbədən tullanmadan sonra onurğa sütunu sınıqları kimi ağır travmalarla qarşılaşıblar. Zərərçəkənlərdən ibarət ifadələr işə daxil edilib.
Famil Kərimov barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla və ya xüsusi amansızlıqla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.