Türkiyənin tanınmış iş adamı Birol Altınkılıç 66 yaşında vəfat edib.
Məlumata görə, Altınkılıç Monakoda doğum gününü ailəsi və nəvələri ilə qayğısız keçirəndən sonra Monte Karloda istirahət zamanı ürək tutması nəticəsində dünyasını dəyişib.
Altınkılıç 1992-ci ildə qurulan “Altınmarka” qrupunun formalaşmasında əsas rol oynamışdı. Qrup zamanla kakao və şokolad istehsalı sahəsində ölkənin qabaqcıl şirkətlərindən birinə çevrilib.
Onun adı xüsusilə “Kahve Dünyası” brendi ilə geniş tanınır. Brendin ilk mağazası 2000-ci illərin əvvəllərində İstanbulun Eminönü rayonunda açılıb və sonrakı illərdə sürətlə genişlənərək İngiltərə və Səudiyyə Ərəbistanı daxil olmaqla bir neçə ölkədə 200-dən çox mağazaya malik beynəlxalq şəbəkəyə çevrilib.
“Kahve Dünyası” qəhvə məhsulları ilə yanaşı dondurma və un məmulatları ilə də fəaliyyət göstərir.
Türkiyə iş dünyasında tanınmış sima olan Birol Altınkılıçın ölümü ailəsi, yaxın çevrəsi və biznes dairələri üçün böyük itki hesab edilir.