Kamerun Prezidenti Pol Biya ölkəyə geri dönüb. 40 ildən artıqdır hakimiyyətdə olan lider avqustun 20-də İsveçrənin Cenevrə şəhərindən çarter reysi ilə paytaxt Yaundedəki Nsimalen Beynəlxalq Hava Limanına gəlib.
93 yaşlı prezident birinci xanım Şantal Biya ilə birlikdə qayıdıb. O, hava limanından Etudi rayonunda yerləşən Birlik Sarayına kortejlə hərəkət edib və yolboyu hakim Kamerun Xalq Demokratik Hərəkatının (CPDM) tərəfdarlarını xidməti avtomobilinin yarıaçıq pəncərəsindən salamlayıb.
Biya iyunun 7-də Avropaya “qısamüddətli şəxsi səfər” üçün ölkəni tərk etmişdi. Onun 73 gün davam edən yoxluğu və hökumətin tez qayıdacağına dair təkrar bəyanatlarına baxmayaraq, bu müddət ərzində prezidentin sağlamlıq vəziyyəti və idarəetmə qabiliyyəti barədə şayiələr genişlənmişdi.
Uzunmüddətli yoxluq həmçinin, hakimiyyətin prezident ətrafında mərkəzləşdiyi Kamerunda siyasi varisliklə bağlı əlavə suallar doğurub.
Kamerun liderinin qayıdışı ilə bağlı rəsmi açıqlamalarda onun gələcək planları və sağlamlıq vəziyyətinə dair detallı məlumat verilməyib.