Tanınmış fitnes məşqçisi Kamil Zeynallı keçmişi barədə etiraf edib və vaxtilə törətdiyi əməldən peşman olduğunu açıqlayıb.

O, bıçaqlanma ilə bağlı baş vermiş hadisə nəticəsində həbs olunduğunu xatırlayıb və həmin dövrün həyatında əhəmiyyətli dəyişiklik yaratdığını vurğulayıb. İdmançının sözlərinə görə, hadisə qonşusunun nişanlısı ilə bağlı yaranan mübahisəni həll etmək məqsədilə iki nəfərlə birlikdə qarşı tərəflə danışmağa getməsi ilə başlayıb.

Vəziyyətin gərginləşdiyini və onların üzərinə çox sayda şəxsin gəldiyini bildirən Zeynallı həmin vaxt döyüldüyünü, anlaqsız vəziyyətdə olduğunu və törətdiyi hərəkətin fərqində olmadığını söyləyib. O, axşam təslim olaraq həbsə götürüldüyünü və bir il sonra azadlığa çıxdığını qeyd edib.

Sonradan şərti cəza ilə azad edildiyini bildirən idmançı həbs müddətini həyatını yenidən qurmaq üçün fürsət kimi qiymətləndirib. Həbsdə olduğu vaxtı düşünməyə sərf etdiyini, beynini toparladığını və məhz bundan sonra məqsəd qoyub işləməyə başladığını deyib.

Onun keçmişinə dair bu səmimi açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub; izləyicilər həyatında baş verən dönüş və keçmişdən çıxarılan nəticələrlə bağlı müxtəlif fikirlər bildiriblər.