Azərbaycanda bu ilin doqquz ayında kartdan-karta köçürmələrin ümumi həcmi 48 milyard manat təşkil edib. Keçən il üzrə isə həmin əməliyyatların miqdarı 66 milyard manat olub. Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında deyib.

Kazımov bildirib ki, əməliyyatların yüksək həcmində və qanunsuz məqsədlərlə istifadənin risklərində nəzərə alınaraq banklar card-to-card köçürmələrinə limitlər qoyub. O qeyd edib ki, aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərə əlavə ehtiyac yaranarsa, müştərilər bankdan icazə alaraq əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də tətbiq olunur.

AMB sədri limitlərin məqsədinin qanuni əməliyyatlara mane olmaq olmadığını, vergidən yayınma və digər qanunsuz fəaliyyətlərin risklərinin azaldılması olduğunu bildirib. Həmçinin bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq qanunsuz fəaliyyətlərdə istifadə etməsi hallarına diqqət çəkilib. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi kimi halların da müşahidə olunduğu vurğulanıb.

Kazımov bu tədbirlərin sonrasında əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi ilə bağlı narahatlıqların artmadığını bildirib. Sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığı qeyd olunub.