Şimali Koreya rəhbərinin bacısı və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon Yaponiyanı hərbi ekspansiyaya cəhd edəcəyi təqdirdə dərhal və məhvedici zərbə ilə hədələyib.

Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) yayımladığı məlumatda Kim Yo Çjonun Yaponiya ilə bağlı sərt xəbərdarlıq etdiyini bildirib.

“Yaponiya yanlış seçim etməyə cəhd göstərərsə, bu dəfə dərhal endiriləcək və sağ qalmağın mümkün olmayacağı dağıdıcı zərbənin hədəfinə çevriləcək”, — məlumatda sitat gətirilib.

Kim Yo Çjonun sözlərinə görə, Şimali Koreya Yaponiyanın “hərbi ekspansiya” cəhdlərini Asiya-Sakit okean regionunda qüvvələr balansının pozulmasına səbəb ola biləcək potensial və uzunmüddətli təhlükə sayaraq ciddi şəkildə izləyir.