Kolumbiyada avqustun 10-da qeydə alınan 7,4 bal gücündə zəlzələdən bir həftə sonra bəzi ərazilərdə səmanın çəhrayı rəngə çevrildiyi görünüb.

Xüsusən Galeras vulkanı yaxınlığından paylaşılan görüntülərdə göyün çəhrayı tonlara büründüyü əks olunub. Bu görüntülər sosial mediada narahatlıq yaradaraq yeni təkanların olacağını düşünənlərin fikirlərinə səbəb olub.

Mütəxəssislər söyləyirlər ki, səmanın çəhrayı görünməsi təbii atmosfer proseslərinin nəticəsidir və bu cür rəng dəyişməsini birbaşa zəlzələ ilə əlaqələndirmək mümkün deyil.

Ekspertlərin izahına görə, gün doğmadan və gün batandan əvvəl günəş işığı atmosferdə daha uzun məsafə qət edir; bu zaman mavi və bənövşəyi dalğalar daha çox səpələnir və nəticədə çəhrayı tonlar daha aydın görünür.

Xatırladaq ki, avqustun 10-da Kolombiyanın qərb regionunu vuran 7,4 bal gücündə zəlzələ ölkədə son illərin ən ciddi təbii fəlakətlərindən biri sayılıb. Episentrin Çoko bölgəsində, San Xose del Palmar yaxınlığında olduğu bildirilib, həmçinin Cali, Pereira və Manizales şəhərlərində də ciddi dağıntılar qeydə alınıb.

Rəsmi məlumatlarda bu yeraltı təkanların son yüz ildən artıq müddətdə Kolumbiyada baş verən ən güclü zəlzələ olduğu vurğulanıb.