Moskva Norveç rəhbərliyinin nüfuzlu qərb nəşri ilə mübahisədəki mövqeyini dəstəkləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Norveçin baş naziri “Financial Times” qəzetindən Rusiya lideri ilə telefon danışığı haqda məqaləni düzəltməyi tələb etməkdə tamamilə haqlıdır.

NOCOM.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb.

"Bu, uydurma bir məlumatdır. Daha doğrusu, məlumat deyil — dezinformasiyadır. Söhbət ümumiyyətlə bundan getmirdi", — deyə Uşakov əlavə edib.

Xatırladaq ki, “Financial Times” qəzetində dərc olunan məqalədə Rusiya liderinin Norveçin baş naziri Stör və Finlandiya prezidenti Stubb ilə telefon danışığının əsas hissəsini “orta əsr slavyan tarixinə dair mühazirələrə” həsr etdiyi iddia olunurdu. Norveçli siyasətçi bu iddiaların “yalan” olduğunu desə də, qəzet məqaləyə düzəliş etməkdən imtina etmişdi.