Portuqaliyalı hücumçu Kriştiano Ronaldo, futbolçu karyerasını başa vurduqdan sonra həyatını necə quracağını açıqlayıb. 41 yaşlı oyunçu gələcək planlarının artıq hazır olduğunu bildirib.
Ronaldo vurğulayıb ki, karyera bitəndən sonra yaranan boşluq böyük ola bilər və onu yalnız bir sahə ilə doldurmaq düzgün olmaz. O, bu dövrdə bir neçə müxtəlif məşğuliyyətə yer verəcəyini deyib.
Futboldan sonra daha çox dinclik, səyahət və əyləncəyə vaxt ayırmaq niyyətində olduğunu bildirən futbolçu həmçinin padel idmanına dair böyük maraq göstərib. Ronaldo qeyd edib ki, padeli izləmək və oynamaqdan həzz alır.
O, həmçinin əldə etdiyi uğurlardan, o cümlədən həyat yoldaşı ilə birlikdə qazandıqları nailiyyətlərdən zövq almağa davam edəcəyini söyləyib və bunların illərlə davam edən fədakarlıqların nəticəsi olduğunu vurğulayıb.
Karyerası ərzində Ronaldo beş dəfə "Qızıl top" mükafatına layiq görülüb, beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasını qazanıb.