Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Sütəmurdov kəndində fəaliyyət göstərən və Hüseynov Rüfət Almas oğluna məxsus toyuq kəsimi müəssisəsində yoxlama aparıblar.
Yoxlama zamanı obyektin fəaliyyət göstərmək üçün tələb olunan icazəyə malik olmadığı və qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Müəssisədə diri quşların müşayiətedici sənədlərinin olmadığı, kəsimin antisanitar şəraitdə və baytarlıq-sanitariya nəzarəti həyata keçirilmədən aparıldığı aşkar olunub. Eyni zamanda digər sanitar-gigiyenik və sanitar-texniki tələblərə riayət edilmədiyi bildirilib.
Nəzarət zamanı götürülən məhsul nümunələri laborator müayinəyə göndərilib. Obyektin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.
Agentlik heyvan və quş kəsiminin qida zəncirində təhlükəsizliyin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə mütləq baytarlıq nəzarəti altında həyata keçirilməli olduğunu vurğulayıb.