Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri son günlər içməli və məişət suyu problemi ilə üzləşiblər.

Sakinlərin məlumatına görə, artıq 10 gündür əraziyə su verilməyib. Onların sözlərinə görə, əvvəlki illərdə də yay aylarında su yalnız gecə saatlarında çatdırılıb və vəziyyət uzun müddət pisləşib.

Bir mənzil sakini açıqlayıb ki, dördüncü mərtəbədə yaşadığı üçün su qablarını doldurmaq üçün gecələri oyanmalı olur. O vurğulayıb ki, evdə birinci qrup əlil xəstə var və onun gündəlik qulluq ehtiyacları üçün su vacibdir. Aidiyyəti qurumlara müraciətlər edilsə də, problem hələ həllini tapmayıb.

Başqa bir sakin bildirib ki, şəkər xəstəsi olduğu üçün illərdir gecə saat 3-dən 6-dək yalnız damcı-damcı gələn suyu toplamağa məcburdur. O qeyd edib ki, evdə 3 yaşlı uşaq var və təmiz su çatışmadığı üçün hətta yemək bişirməkdə də çətinlik çəkirlər.

Sakinlərdən biri ötən il məsələ ilə bağlı deputata müraciət etdiyini və deputatın həmin sahəyə baxan qadını “çox həyasız” adlandırdığını, ona söz deməyin mümkün olmadığını dilə gətirdiyini bildirib.

Qəsəbə sakinləri su təchizatı probleminin aradan qaldırılması üçün müvafiq qurumların tədbir görməsini tələb edirlər.