Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakinlər yol infrastrukturunun vəziyyətindən narazıdır.
Problemin mərkəzində qəsəbənin 6-cı massivində yerləşən Rasim Məmmədov küçəsi dayanır. Sosial şəbəkələrdə yayılan görüntülərdə asfalt örtüklü yolun qəfil böyük uçurum və dərəyə açıldığı görünür.
Sakinlər bildirirlər ki, ərazini tanımayan sürücülər, xüsusən gecə vaxtı bu yola daxil olduqda təhlükəni vaxtında aşkar edə bilməzlər və bu, yol hərəkəti üçün ciddi risk yaradır.
Bu massivdə bir neçə küçənin sonunda vəziyyət oxşardır. Əvvəllər bəzi dərələr doldurularaq fərdi yaşayış evləri tikilsə də, bəzi hissələrdə hələ də təhlükəli boşluqlar qalmaqdadır.
Yol probleminin yanında yerli əhalinin sözlərinə görə su təchizatı, ictimai nəqliyyat və küçə işıqlandırması ilə bağlı da ciddi çatışmazlıqlar var, bu da gündəlik həyatın çətinləşməsinə səbəb olur.