Mağazalardan məhsul alan alıcılara üzərində brend işarəsi olan polietilen paketlər təklif olunur və bunun üçün əlavə ödəniş tələb edilir.

Marketoloq Laura Seyidbəyova bildirir ki, loqolu paketlər sadəcə qablaşdırma deyil, eyni zamanda brend kommunikasiya vasitəsidir. Alıcının belə torbalarla ictimaiyyətdə hərəkəti mağaza və ya brend haqqında daha geniş kütlənin xəbərdar olmasına səbəb ola bilər.

Lakin ekspert vurğulayır ki, alıcı mağaza ilə reklam xidməti üzrə hər hansı müqavilə bağlamır. Torbanın yaratdığı reklam effekti məhsulun loqolu qablaşdırmada daşınmasının nəticəsi sayılır və bu proses könüllüdür; alıcının funksional olaraq reklam daşıyıcısına çevrildiyini məcburi şəkildə iddia etmək düzgün olmaz.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqlamasına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar çərçivəsində ticarət və digər xidmətlər zamanı istehlakçılara təqdim edilən, qalınlığı 15–50 mikron olan qulplu və qulpsuz polietilen torbalar ayrıca məhsul kateqoriyası kimi təqdim olunmalı, onların satış qiyməti isə istehlakçıya əvvəlcədən bildirilməlidir.

Qurum həmçinin xatırladır ki, ölkədə fəaliyyət göstərən hər bir sahibkarlıq subyekti mövcud qanunvericiliyə uyğun şəkildə öz adından polietilen paketlər üzərində reklam yerləşdirə bilər. İstehlakçı isə belə torbalardan istifadə etmək və ya istifadə etməmək barədə sərbəstdir.

Bundan əlavə, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanuna əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə onun sahibi həmin nişanın ölkə daxilində istifadəsinə və onunla bağlı qərarlar verməkdə müstəsnə hüquqa malikdir.