Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Mabel Matizin “Ha Leylim” adlı mahnısına və klipinə qoyulan məhdudiyyətlərə münasibət bildirib.

Kırmızıgül konsertdən öncə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sənətdə əxlaqsızlıq axtarmaq düzgün deyil və belə yanaşmaların əsas problemi həll etməyəcəyini düşünür: "Əxlaqsızlığı filmlərdə və mahnılarda axtarmayaq. Korrupsiya ilə məşğul olanlar bunlardan daha təhlükəlidir", - deyə o qeyd edib.

Müğənni çıxışı zamanı həmçinin ölkənin musiqi səhnəsində keyfiyyətlə bağlı narazılığını da ifadə edib. O, yeni nəsildə güclü vokal bacarıqlarının məhdud olduğunu vurğulayaraq, Türkiyədə yalnız bir neçə yaxşı vokalistin olduğunu söyləyib: "Yeni nəsil arasında çox yaxşı səslər yoxdur. Türkiyədə 4-5 yaxşı vokalist var. Hazırda bizim kimi oxuyan çox az insan var".

Xatırladaq ki, bir neçə gün əvvəl Mabel Matizin “Ha Leylim” mahnısının sözləri və klipi barədə "ədəbsizlik" iddiası əsasında araşdırma başlanmışdı. Sənətçinin daha əvvəl ifa etdiyi "Perperişan" mahnısına görə də məhkəmə prosesi olub və o, sonradan bəraət alıb.