Maliyyə Nazirliyində aylıq 4 min manat məvacib nəzərdə tutulan vakant vəzifə üzrə müsahibə elan edilib.

Məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzi nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Rəqəmsal media sektorunda "aparıcı məsləhətçi" pozisiyası üçün müsahibə təşkil edir. Vəzifə üzrə bir vakant yer mövcuddur.

Namizədin iqtisadiyyat və idarəetmə, filologiya, tərcümə, jurnalistika, dövlət və ictimai münasibətlər, politologiya, sosiologiya, regionşünaslıq, hüquqşünaslıq və ya beynəlxalq münasibətlər sahələrindən ali təhsilə malik olması tələb olunur.

Elanda həmçinin qeyd edilir ki, müraciət edənlərə müvafiq sahədə ən azı bir il iş təcrübəsi olmalı, "MS Office" proqramları, ofis texnikası və internetdən orta səviyyədə istifadə bacarığı tələb edilir. Namizədlərin ingilis dilini ən az B1 səviyyəsində bilməsi və BA2 sertifikatına sahib olması zəruridir.

Vəzifənin əsas vəzifələri sırasında nazirliyin rəqəmsal media üzrə kommunikasiya fəaliyyətini təşkil etmək, rəsmi internet səhifəsi və sosial media hesablarını idarə etmək, kontent planları hazırlamaq və paylaşımları izləmək göstərilir.

Bundan əlavə, işə qəbul ediləcək şəxs müraciətlərin və sosial media aktivliyinin gündəlik monitorinqini aparacaq, statistik göstəriciləri təhlil edəcək və müxtəlif kommunikasiya materialları hazırlayacaq.

Müsahibə elanı 17 avqust tarixində dərc olunub. Namizədlər sənədlərini 15 sentyabr saat 18:00-dək təqdim edə bilərlər.