Maliyyə Nazirliyi strateji əhəmiyyətli məhsulların—buğda, ət, süd, balıq və bitki yağları—istehsal potensialının gücləndirilməsinin vacib olduğunu bildirib və idxalı əvəzləmə siyasətinin dəstəklənməsinin önə çəkildiyini vurğulamışdır.

Nazirlik məhsuldarlığın artırılması üçün intensiv istehsal üsullarının tətbiqi, həmçinin dövlət dəstəyi mexanizmlərinin daha nəticəyönümlü qurulmasının təmin edilməsinin zəruri olduğunu qeyd edib.

İxrac yönümlü sahələrdə əlavə dəyərin formalaşdırılması və özəl investisiyaların cəlb edilməsi məqsədilə meyvəçilik, tərəvəzçilik, fındıqçılıq, pambıqçılıq və digər rəqabət üstünlüyü olan sahələrdə emal sənayesinin genişləndirilməsi vacib sayılır. Eyni zamanda soyuducu anbarlar, logistika infrastrukturu və məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması istiqamətində işlərin davam etdirilməsi tövsiyə olunur.

Torpaq və su resurslarından səmərəli istifadə üçün sahələrin aqrokimyəvi göstəricilərinə əsaslanan məhsul planlaması aparılmalı, müasir suvarma texnologiyaları tətbiq edilməli və torpaq məlumat bazaları yaradılmalıdır. Rəqəmsal texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılması üçün əlavə tədbirlər görülməsi məsləhət görülür.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) funksionallığı genişləndirilməli, subsidiya alan təsərrüfatların əkin sahələri, istehsal həcmi, məhsuldarlıq, heyvan sayı və satış kimi göstəricilər vahid platformada izlənməli, dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya gücləndirilməlidir.

Aqrar sahədə ödənilən subsidiya və güzəştlərin ərzaq təhlükəsizliyinə, ixrac potensialına və gəlirliliyə təsiri ətraflı təhlil edilməlidir. İqtisadi cəhətdən səmərəsiz hesab olunan subsidiya növləri və məbləğləri mərhələli şəkildə azaltmaq, sərbəstlənən büdcə vəsaitlərini daha effektiv subsidiyalara yönəltmək məsləhət görülür.

Ötən illərin istehsal və məhsuldarlıq göstəricilərinin təhlili əsasında ortamüddətli dövr üçün strateji hədəflər müəyyən edilməli, bəzi məhsul növlərinə verilən subsidiyaların davamlı olmadığı hallarda müəyyən dövrü əhatə edəcək qaydada təşkilinə üstünlük verilməlidir. Həmçinin subsidiya həcm və nəticəlilik meyarlarının, bitkiçilik və heyvandarlıq sahələrində məhsuldarlığa, fermer gəlirlərinə, məşğulluğa, ərzaq təhlükəsizliyinə və dövlət büdcəsinin təsirlərinə görə ətraflı qiymətləndirilməsi tələb olunur.