Mançester Yunayted rəhbərliyi komandanın kapitanı Bruno Fernandeşlə mövcud müqaviləni uzatmaq niyyətindədir.

Klüb daxilindən əldə edilən məlumata görə, rəhbərlik portuqaliyalı yarımmüdafiəçinin gələcəyini “Qırmızı Şeytanlar”ın planlarında görür və onunla yeni razılaşma üzərində iş aparılır.

Əvvəllər Türkiyənin Qalatasaray klubu Fernandeşlə maraqlanmışdı, lakin Mançester Yunayted oyunçunu satmaq fikrində olmadığını açıqlayıb. Futbolçu özü də hazırda İngiltərə klubunda qalmaq istədiyini bildirib.

Fernandeş üçün xarici klublara görə nəzərdə tutulmuş 57 milyon funt sterlinqlik sərbəst qalma maddəsi artıq qüvvəsini itirib.

Bruno Fernandeş 2020-ci ilin yanvarından etibarən Mançester Yunayted forması geyinir. Ötən mövsümdə o, bütün yarışlarda 37 qarşılaşmada iştirak edərək 9 qol vurub və 22 məhsuldar ötürmə edib.

Futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt saytındakı qiymətləndirməyə görə, Fernandeşin bazar dəyəri 35 milyon avrodur.