Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmayılovun qardaşı Kənan İsmayılov məhkəmə qərarı ilə həbs edilib.

Məhkəmə iyulun 19-da Kənan İsmayılova 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Bolnisi Rayon Məhkəməsinin qərarında həbs müddətinin aprelin 7-dən hesablanacağı göstərilir.

Eyni iş üzrə cinayətdə iştirak etməkdə təqsirləndirilən digər üç şəxsin hər biri barədə isə iki il müddətinə azadlıqdan məhrumetmə hökmü verilib.

Hadisə ilə bağlı ilkin məlumat aprelin 6-da hüquq müdafiəçisi Samirə Bayramova tərəfindən ictimaiyyətə çatdırılmışdı. O, hadisənin distributorlardan birinin çörəyin qiymətini artırmaqdan imtina etməsi ilə bağlı baş verdiyini bildirib və iddia edib ki, distributor Kənan İsmayılov və ona yaxın şəxslər tərəfindən amansız şəkildə döyülüb.

Hadisədən sonra Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqın başladığını açıqlayıb.