Abşeron rayonu Masazır qəsəbəsində 36 yaşlı Qax sakini Şücaət Kərimov arvadını döyməkdə ittiham olunur.

İttiham aktına görə, tərəflər yaşadıqları evdə ər-arvad arasında yemək verilməməsi səbəbindən mübahisə yaranıb. Məlumata görə, 39 yaşlı qadının başına və qollarına əl və yumruq zərbələri endirilib, yerə düşəndən sonra isə təpiklə belinə, ayaqlarına və bədəninin müxtəlif hissələrinə vurularaq bir sıra xəsarətlər yetirilib.

Hadisədən sonra Şücaət Kərimov polis tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirərək, evliliklərinin üç ay olduğunu və arvadının yemək hazır olmadığını söylədiyini deyib; həmçinin qayınanasının da onların işinə qarışdığını qeyd edib.

Zərərçəkmiş qadın ifadəsində onun döyüldüyünü və xəsarət aldığını təsdiqləyib və məhkəmədən əsas tələbi kimi Şücaətin cinayət məsuliyyətinə cəlb edilməsini göstərib.

Məhkəmənin qərarı ilə Şücaət Kərimov 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.