Abşeron rayonunda həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən 33 yaşlı kişinin məhkəmə işi başa çatıb.
Hadisə bu il iyunun 14-də Masazır qəsəbəsi, Cantəpə yaşayış massivindəki fərdi evdə qeydə alınıb. 1993-cü il təvəllüdlü İbrahim ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Sevinclə mübahisə edib.
Mübahisə zamanı qadın ərinin sıx-sıx spirtli içki qəbul etməsinə etiraz etdiyini və evdə səliqəyə fikir verməməsi ilə bağlı narazılıq bildirdiyini deyib. Bu söz münaqişəyə səbəb olub və qarşılıqlı iradlar səslənib.
Mübahisə gərginləşərkən İbrahim taxta stul götürüb və həmin stulu arvadına ataraq onun sağ qoluna dəyməsinə səbəb olub. Sonra qadının qollarından yapışaraq sağ qolunu dişləyib, sifət və baş nahiyələrinə yumruqla zərbələr endirib, ayaqlarını isə təpiklə vurub.
Faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi — qəsdən sağlamlığa zərər vurma — ilə ittiham irəli sürülüb.
Abşeron Rayon Məhkəməsi hökmünə əsasən İbrahim 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəza müddətində ona elektron nəzarət vasitəsi tətbiq olunacaq və həmin cihazı üzərində daşımalıdır.
Hökm eyni zamanda təqsirləndirilən şəxsin hər gecə saat 21:00-dan səhər saat 06:00-dək yaşayış ünvanını tərk etməsini qadağan edir. Cəza müddətində Abşeron rayonunun sərhədlərini tərk etmək də ona məhdudlaşdırılıb.
Bundan başqa, qərarda cihazın işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərilməsi, məhkəmənin icazəsi olmadan yaşayış yerini dəyişməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişəcəyi barədə əvvəlcədən məlumatlandırmaq kimi öhdəliklər qoyulub.