İran Prezidenti Məsud Pezeşkianın 40 günlük müharibə dövründə İlham Əliyevə telefon zəngi və bir neçə Azərbaycan atalar sözündən istifadə etməsi iki ölkə arasında yaranmış gərginliyi yumuşaldıb.

Bu hadisədən sonra İranın xarici işlər naziri Abbas Əraqçinin sözləri ictimaiyyətin diqqətini Pezeşkianın hansı atalar sözləri ilə Azərbaycan liderinin etibarını qazandığı sualına yönəldib.

Psixiatr Azad İsazadə Məsud Pezeşkianın davranışlarına münasibət bildirərək onun peşəkar siyasətçi yox, həkim-kardioloq olduğunu vurğulayıb. O qeyd edib ki, həkimlərin insanlarla ünsiyyət məharəti, xüsusən kardioloqların sakit və mülayim danışıq tərzi onların gündəlik davranışlarına təsir edir və bu üslub siyasətə də gətirilə bilər.

İsazadə həmçinin Pezeşkianın şəxsi xarakterinin və İranın diplomatik ənənələrinin onun üslubunun formalaşmasında rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, İranda daha dərin diplomatiya dili mövcuddur və həmin ənənəyə uyğun olaraq konfliktə girmədən sakit danışmaq, amma məqsədləri yerinə yetirmək üstünlük təşkil edir.

Psixiatrın fikrincə, Məsud Pezeşkian harada və hansı sözü işlədəcəyini yaxşı bilən siyasətçidir: "Heç nə demirlər, qışqırmırlar, dalaşmırlar, amma öz dediklərini də yeridirlər. Bir sözlə, 'pambıqla baş kəsirlər'."

İsazadə eyni zamanda Pezeşkianın tamamilə sadəlövh olmadığını, bəzi hallarda kəskin və təzyiqkar tərzdə danışdığını, xüsusən də İran rəhbərliyindəki "Sepah"ın generalları ilə daha sərt ünsiyyət qurduğunu bildirib.

Məsud Pezeşkianın uzun müddət subay qalması məsələsinə toxunan İsazadə bunun şəxsi həyat olduğuna diqqət çəkib və Şərqdə dul qalmanın sosial qəbulunun bu məsələyə təsir edə biləcəyini qeyd edib. O, Pezeşkianın subay qalmasını onun sadiqliyinin göstəricisi kimi qiymətləndirib.

Yekun olaraq, psixiatr Məsud Pezeşkiani mürəkkəb ruhlu, görünüşcə sadə olsa da məqsədyönlü və bic bir şəxs kimi xarakterizə edib: "Görünüşcə elə olsa da, çox bic adamdır. Bayaq dediyim kimi, pambıqla baş kəsər. Rəqiblərini də yavaş-yavaş sıradan çıxarır. İlk növbədə də 'Sepah'ı".