Milli Kibertəhlükəsizlik Agentliyinin məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət və özəl qurumların istifadəçi hesablarına qarşı koordinasiyalı giriş cəhdləri müşahidə edilib.

Məlumatda bildirilir ki, kiberhücumçular icazəsiz giriş əldə etmək üçün müxtəlif metodlardan istifadə edirlər. Onlar həm xarici IP ünvanlarından, həm də Azərbaycan ərazisindən gələn legitim bağlantı kimi göstərilən trafik yaratmaq məqsədilə ölkə IP ünvanları təqdim edən VPN və proksi infrastrukturundan faydalanırlar.

Hücumların əsas hədəfi “Microsoft 365” platforması və digər e-poçt xidmətləri ilə bağlı məxfi məlumatlar, elektron yazışmalar və digər həssas elektron sənədlərin ələ keçirilməsidir. Agentlik sözügedən fəaliyyətlərə qarşı monitorinqin gücləndirildiyini və aşkarlanan hallarla bağlı müvafiq tədbirlərin görüldüyünü bildirib.

İstifadəçilərə hesab təhlükəsizliyini təmin etmək üçün güclü şifrə siyasətinə riayət etmək, çoxfaktorlu doğrulamanı aktivləşdirmək və şübhəli fəaliyyəti dərhal xəbər vermək tövsiyə olunur.