Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 19-da Milli Kitabxanada naşir və yazıçılarla görüş keçirilib.
Tədbirdə nazirlik tərəfindən nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabrda keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar əsas müzakirə mövzuları olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında Nəşr planının hazırlanması və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyanın işlərinin şəffaflıq prinsipləri əsasında həyata keçirildiyini vurğulayıb. O, kitabxana fondlarında uşaq ədəbiyyatı ilə yanaşı akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına xüsusi önəm verildiyini söyləyib.
Bildirilub ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 21-dən 27-dək təşkil olunacaq və bu il uşaq mövzusuna həsr edilib. Sərginin şüarı "Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya" seçilib. İştirakla bağlı qeydiyyat sentyabr ayınadək davam edəcək.
Kitabxana sahəsində aparılan yeniliklər barədə danışan Fərid Cəfərov xidmət səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması və oxucuların kitaba daha asan çıxışının təmin edilməsi məqsədindən bəhs edib.
Görüş iştirakçıları — naşir və yazıçılar — kitabxana sahəsində həyata keçirilən təkmilləşdirmələrin vacibliyini qeyd edərək bu təşəbbüslərə dəstək ifadə ediblər.