Real Madrid-in baş məşqçisi Joze Mourinyo "Şalke" ilə keçirilən yoxlama görüşündə (3:0) gözünün altında göyərmiş halda meydana çıxıb.

Hadisə həm azarkeşlərin, həm də mətbuat nümayəndələrinin diqqətini çəkib. Klub tərəfindən yayılan açıqlamada mütəxəssisin zədələnməsindən bəhs edilib.

Mourinyo bildirib ki, xəsarət məşq zamanı baş verib: top onun üzünə dəymiş və gözaltında göyərmə yaranıb. O, eynək taxdığı üçün vəziyyətin daha da ağırlaşmadığını vurğulayıb.

Qeyd edək ki, "Şalke" ilə oynanan qarşılaşma komandanın rəsmi mövsüm başlamazdan əvvəl son yoxlama xarakteri daşıyıb. Real Madrid yeni mövsümə avqustun 22-də La Liqada "Espanyol"la keçiriləcək matçla start verəcək.