Cəlbedici və rəngarəng oyuncaqlar tez-tez uşaqların diqqətini çəkir, lakin pediatrlar valideynlərə seçim edərkən təhlükəsizlik və məhsulun keyfiyyətinə önəm verməyi tövsiyə edirlər.
Pediatr Bahar Cəbrayılova xəbərdarlıq edib ki, bəzi aşağı keyfiyyətli plastik oyuncaqlarda ftalatlar, qurğuşun və digər ağır metallardan istifadə oluna bilər. O, mənşəyi məlum olmayan, kəskin kimyəvi qoxusu olan, rəngi əllərə keçən və asanlıqla sınıb-dağılan oyuncaqlardan istifadə edilməməsini tövsiyə edib.
Həkim əlavə edib ki, uşağın oyuncaqla təmasdan sonra davamlı qusma, qarın ağrısı, ciddi halsızlıq və davranışında qəfil dəyişikliklər müşahidə olunarsa, bunu dərhal həkimə bildirmək lazımdır.
Respublika Sanitariya-Karantin Mərkəzindən bildirilib ki, oyuncaqların kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri laboratoriya şəraitində yoxlanılır. Hazırda plastik oyuncaqlarla bağlı aparılan müayinələrdə təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq aşkarlanmayıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qeyd edir ki, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizlik tələbləri müəyyən edilən, o cümlədən oyuncaqlar məcburi uyğunluq sertifikatından keçirilməlidir. Uyğunluq sertifikatı olmayan məhsulların ölkədə satılması və istifadəsi qadağandır.
Agentlik həmçinin vurğulayıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, sahibkarlıq subyektlərində yoxlamalar 2027-ci il yanvarın 1-dək dayandırılıb. Bu müddət ərzində yalnız insanların həyatı və sağlamlığına, dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara ciddi təhlükə yaradan əsaslandırılmış müraciətlər olduqda yoxlamalar həyata keçirilə bilər.