Avqustun 19-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib.
Mənzillərin təqdimetmə mərasimlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə və şəhər ilə rayon icra hakimiyyətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirlərdə bildirilib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı işinə Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında 1990-cı illərdə başlanılıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil proqramı davamlı şəkildə genişləndirilib. Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra proqramın həcmi beş dəfə artırılıb; postmüharibə dövründə 7 300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil belə ailələrə və əlilliyi olan şəxslərə təqdim edilib.
Bu dəfə təqdim olunan mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda yerləşir. Qalan mənzillər Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarındadır.
Mənzillərlə təmin olunan şəxslər göstərilən diqqət və sosial dəstək üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.