“Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi və əsaslı təmir işlərini davam etdirir. Prezident İlham Əliyevin göstərişlərinə uyğun aparılan yenidənqurma tədbirləri Naxçıvan Muxtar Respublikasını da əhatə edib.

Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət sahəsindəki bir sıra rayonlarda 0.4 və 10 kV-luq hava və yeraltı elektrik xətləri yenilənir. İşlər çərçivəsində yeni metal dayaqlar quraşdırılır və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) tətbiq olunur.

Yaşayış məntəqələrində abonentlərin enerji təminatını yaxşılaşdırmaq məqsədilə 10/0.4 kV-luq müasir transformator məntəqələri yerinə yetirilir. Eyni zamanda abonentlərin şəbəkəyə nəzarətini və hesabatlığını artırmaq üçün Naxçıvan şəhərində smart tipli sayğacların quraşdırılması işləri aparılır.

Naxçıvan şəhərində 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının və Naxçıvan RETSİ-nin inzibati binasının inşasına başlanılıb. Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının tikintisi də davam etdirilir.

Yenidənqurma işləri Sədərək rayonunda Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərur rayonunun Axaməd kəndini və Culfa rayonunun Əbrəqunus kəndini əhatə edir.

“Azərişıq” ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma tədbirləri əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına, eləcə də enerji itkilərinin azaldılmasına yönəlib.