“Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi və əsaslı təmir işlərini davam etdirir, bu layihələr prezident tapşırıqları çərçivəsində Naxçıvanı da əhatə edib.

Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən rayonların bir sıra kənd və qəsəbələrində 0.4 və 10 kV-luq şəbəkələr yenidən qurulur. İşlər çərçivəsində metal dayaqlar quraşdırılır və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir.

Yaşayış məntəqələrində abonentlərin enerji təminatının yaxşılaşdırılması məqsədilə 10/0.4 kV-luq müasir Transformator Məntəqələri (TM) quraşdırılır. Bu yenidənqurma nəticəsində enerji təchizatında keyfiyyətin yüksəlməsi və itkilərin azalması planlaşdırılır.

Naxçıvan şəhərində 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasının tikintisinə başlanılıb, eləcə də Naxçıvan RETSİ-nin inzibati binasının inşasına start verilib. Şəhər daxilində abonentlər smart tipli sayğaclarla təmin edilir.

Babək rayonunda 35/10 kV-luq “Nəzərabad” yarımstansiyasının qurulması işləri davam edir. Yenidənqurma tədbirləri Sədərək rayonunun Sədərək və Qaraağac kəndlərini, Heydərabad qəsəbəsini, Şərurun Axaməd və Culfanın Əbrəqunus kəndlərini də əhatə edib.

Aparılan əsaslı təmir və yenidənqurma işlərinin məqsədi əhalinin dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və enerji itkilərinin minimuma endirilməsidir.