İspaniyalı alimlərin apardığı təhlilə görə, müntəzəm qəhvə istehlakı yaşlı şəxslərdə əzələ sağlamlığının qorunmasına müsbət təsir göstərə bilər.

Tədqiqatçılar 54 elmi işin nəticələrini araşdıraraq qəhvənin əsas komponentləri — kofein, polifenollar və triqonellin — üzərində fokuslanıblar və bu maddələrin orqanizmə təsir mexanizmlərini təhlil ediblər.

Nəticələr göstərib ki, qeyd olunan birləşmələr hüceyrələrdə enerji istehsalına cavabdeh mitoxondrilərin fəaliyyətini stimullaşdıra bilər. Eyni zamanda bu maddələrin iltihabi prosesləri və oksidləşdirici stresi azaltmağa kömək etdiyi aşkar edilib.

Araşdırmada həmçinin vurğulanıb ki, qəhvə komponentləri əzələ toxumalarında yağ və qlükoza mübadiləsinin tənzimlənməsində rol oynaya bilər. Statistik müşahidələr müntəzəm qəhvə içən yaşlılarda sarkopeniya və yaşa bağlı zəiflik sindromunun daha az qeydə alındığını göstərib.

Lakin ekspertlər qəhvəni əzələ kütləsinin qorunması üçün təsdiqlənmiş profilaktik vasitə hesab etməyin hələ tez olduğunu bildirirlər. Onların fikrincə, qəhvənin insanlarda əzələ kütləsinə birbaşa təsirini dəqiq müəyyənləşdirmək üçün daha genişmiqyaslı kliniki tədqiqatlara ehtiyac var.

Müəlliflər həmçinin qeyd edirlər ki, araşdırma qəhvənin tərkibindəki müxtəlif maddələrin potensial faydalarını ümumiləşdirir və bu nəticələr hər kəs üçün eyni səviyyədə tətbiq edilə bilməz.