“Neftçi” futbol klubu tarixində indiyədək qeydə alınmış ən yüksək məbləğli satışa imza atmağa yaxındır.
Komandanın əsas oyunçularından hesab olunan fransalı sağ cinah vinger İmad Faraj paytaxt klubunu tərk edəcək. Uzun müddət davam edən müzakirələrin sonunda tərəflər razılığa gəlib.
Tunisin “Esperans” komandası futbolçunu transfer etmək üçün digər namizədləri geridə qoyan təklif təqdim edib. Bu təklif “Neftçi” üçün 1,5 milyon avrodan artıq gəlir təmin edəcək və beləliklə klub tarixində ən yüksək məbləğli satış reallaşacaq.
Məlumata görə, Farajın xidmətində başqa klublar da maraqlı olmuşdu, lakin “Esperans”ın təqdim etdiyi kompensasiya rəqiblərin təkliflərini üstələdi və transferin baş tutmasına şərait yaratdı.
Qeyd edək ki, fransalı futbolçu 2025-ci ildə “Neftçi” ilə üçillik müqavilə imzalamışdı.