Taliban hərəkatı ABŞ-ı Əfqanıstanda diplomatik varlığını yenidən qurmağa və ölkə iqtisadiyyatına investisiya qoymağa dəvət edib.

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi müsahibəsində bildirib ki, Vaşinqton Kabildəki səfirliyini açaraq diplomatik fəaliyyəti bərpa edə və faydalı qazıntıların çıxarılmasına, bənd və yol infrastrukturlarının tikintisinə sərmayə qoymağı nəzərdən keçirə bilər.

Muttəqi qeyd edib ki, tərəf qarşılıqlı hörmətə əsaslanan yeni münasibət dövrünün başlanmasını arzulayır: "Biz hesab edirik ki, müharibə səhifəsi başa çatıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan münasibətlərin və müsbət qarşılıqlı əlaqələrin yeni səhifəsini açmaq istəyirik."

Bununla yanaşı, nazir vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ölkədə Amerika hərbi qüvvələrinin yenidən yerləşdirilməsini istəmir.

ABŞ Silahlı Qüvvələri 31 avqust 2021-ci ildə Əfqanıstandan tam çıxışını həyata keçirərək oradakı 20 illik hərbi əməliyyatını bitirib.

Kabilə ABŞ səfirliyi 15 avqust 2021-ci ildə amerikalı diplomatların təcili təxliyəsi fonunda fəaliyyətini dayandırmış, diplomatik missiya daha sonra müvəqqəti olaraq Qətərin paytaxtına köçürülmüşdü.