Bakının Nərimanov rayonunda qonşular arasında baş verən parkinq mübahisəsi bıçaqlanma ilə nəticələnib.

Hadisə Əhməd Rəcəbli küçəsi 11 ünvanında, “Boya Dünyası” mağazasının arxa hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü İlqar qonşusu Elvinlə yaranan mübahisə zamanı idarə etdiyi “Qazel 3302” markalı avtomobildən düşərək yanında gətirdiyi bıçaqla Elvinin sağ çiyin nahiyəsinə iki dəfə zərbə endirib.

İlqarın üzərinə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilib. Məhkəmə prosesində o, elan olunmuş ittihamı qismən qəbul edib və hadisənin baş verdiyi məqamları şərh edib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, avtomobilinin yan güzgüsünə nəyinsə dəydiyini hiss edərək maşından düşüb, həmin vaxt Elvinin ona qarşı nalayiq ifadələr işlədib və aralarındakı mübahisə ətrafdakılar tərəfindən ayırılıb. İlqarın sözlərinə görə, sonradan avtomobilini adi saxladığı yerə aparıb düşəndə Elvin yenidən ona yaxınlaşaraq təhqir edib və əlbəyaxa dava başlayıb.

O qeyd edib ki, avtomobilində gündəlik istifadə üçün bıçaq gəzdirdiyini, məqsədinin zərər vermək yox, yalnız həyəcanlandırmaq olduğunu və dava zamanı bıçağın Elvinin qoluna dəydiyini söyləyib. İlqar həmçinin hadisə nəticəsində burnu və çənəsindən xəsarət aldığını və poliklinikaya müraciət etdiyini deyib.

Zərərçəkmiş Elvin hadisənin saat 17 radələrində Əhməd Rəcəbli küçəsi ilə “Çerment” körpüsü istiqamətində piyada hərəkət edərkən İlqarın idarə etdiyi avtomobilin güzgüsünə toxunduqdan sonra başlandığını bildirərək, həmin vaxt özü də əsəbi və içkili olduğunu, mübahisənin bundan sonra dərinləşdiyini və İlqarın ona bıçaqla zərbə vurduğunu vurğulayıb.

Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, ilkin olaraq İlqarın əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə qiymətləndirilsə də, sonradan həmin maddəyə 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi tətbiq edilib. Məhkəmə tərəflərin barışmasını və zərərçəkmişin şikayətinin olmadığına dair faktı nəzərə alıb.

Buna görə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi əsasında işə xitam verilib və İlqar cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tətbiq olunmuş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.