İsrail Baş naziri Benyamin Netanyahu Sülh Şurası ilə Qəzza zolağı üçün iki ayrı işçi qrupunun yaradılması barədə razılığa gəlib.

Netanyahunun ofisinin açıqlamasına görə, bu razılaşma ABŞ Prezidenti məsləhətçisi Cared Kuşnerlə Qüdsdə aparılan görüşdən sonra elan edilib.

Bəyanatda bildirilir ki, birinci işçi qrupunun prioriteti Qəzzanın tərksilah edilməsi və oradakı silahların məhv edilməsi olacaq. İkinci komanda isə sanitariya, içməli su təminatı və Qəzzada İsrail ictimaiyyətinə təsir edən digər səhiyyə məsələlərinə yönələcək.

Açıqlamada həmçinin vurğulanır ki, Sülh Şurasının nümayəndələri ilə Kuşnerin iştirakı ilə keçirilən görüşdə Netanyahu Qəzza zolağının yenidən qurulmasının ilkin mərhələsi kimi HƏMAS-dan götürülmüş silahların Qəzzadakı Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə verilməsini tələb edib.

Qeyd olunur ki, bu proses ABŞ-ın nəzarəti altında həyata keçiriləcək.