Nigar Camalın qızı Jasmin Keyn İngiltərədə futbol karyerasını davam etdirir və hazırda “Luton Taun Ladies” komandasının şərəfini qoruyur.

Liqa mövsümünün ilk matçında “Needham Market FC” ilə üz-üzə gələn komandasının heyətində debüt edən futbolçu həmin qarşılaşmada qol vurmaqla diqqət çəkib. O, oyunda əsas məqsədinin komanda üçün qələbə qazanmaq olduğunu və debüt olduğu üçün həyəcanlı olduğunu bildirib.

Jasmin vurduğu qolun əvvəlcədən planlaşdırılmadığını, məşqdən deyil, meydanda verdiyi ani qərarın nəticəsi olduğunu söyləyib və bu nəticədən məmnunluğunu ifadə edib.

Meydanda istənilən mövqedə oynaya bildiyini qeyd edən futbolçu əsasən cinah müdafiəçisi kimi çıxış etdiyini vurğulayıb. Oyun tərzini sürətli, texnikalı və komanda oyununa uyğun hesab etdiyini, özünə nümunə götürdüyü futbolçunun Son Hın Min olduğunu da əlavə edib.

Azərbaycan milli komandası ilə bağlı sualə cavab verən Jasmin, dəvət olunsa, ölkəni təmsil etməyə hər zaman hazır olduğunu bildirib.

Karyera hədəfləri barədə danışan futbolçu dünya çempionatında çıxış etməyi və “Luton Taun” komandasının yüksək liqaya yüksəlməsinə kömək etməyi əsas məqsədi kimi göstərib.

Qeyd olunur ki, Jasmin Keyn uzun müddətdir peşəkar səviyyədə çıxış edir və bundan əvvəl “Tottenham”, “Leyton Orient” və “Harvesters” klublarında da forma geyinib.