Səhər oyandıqdan sonra beynimizdə görülməli işlərin siyahısı formalaşır: işə cavab yazmaq, mesajlara baxmaq, e-mail göndərmək, dərs oxumaq, ev işlərini nizama salmaq, sosial şəbəkələri yoxlamaq və ya yeni ideya üzərində düşünmək. Bir çox insan eyni vaxtda çox iş görməyə çalışdığı üçün günün sonunda yorğun olsa da əldə etdiyi nəticə gözləniləndən az olur.
Beyin əslində eyni anda mürəkkəb bir neçə işi icra etmir. Diqqət və düşünmə tələb edən tapşırıqlarda o, paralel işləmək yerinə sürətlə bir işdən digərinə keçir. Eyni zamanda məqalə yazmaq, mesajlara cavab vermək və video izləmək nümunəsində görülür ki, belə fəaliyyətlər diqqətin bölünməsinə gətirib çıxarır. Hər keçid müəyyən vaxt və səy tələb edir; bu isə həm vaxt itkisinə, həm də səhv ehtimalının artmasına səbəb olur.
Beynin yeniliyə marağı bu davranışı gücləndirir. Yeni bildiriş və ya maraqlı fikir əvvəlki işdən ayrılmaq üçün cəlbedici görünə bilər. Ayrıca tamamlanmamış tapşırıqlar “açıq məsələ” olaraq şüurun fonunda qalır və insan “bunu da edim, sonra qayıdaram” düşüncəsi ilə yeni işlərə yönəlir. Nəticədə gün ərzində çox sayda işə toxunulur, lakin onların yalnız bir hissəsi sona çatır.
Uzun və qarışıq siyahı məhsuldarlığı artırmır, əksinə psixoloji təzyiq yarada bilər. Beyin qarşısında bir neçə on və ya on beş müxtəlif vəzifə görəndə onları eyni dərəcədə vacib hesab edə bilər ki, bu da seçim etməyi çətinləşdirir. İnsanlar bir işə başlayıb başqa işi xatırlayır, sonra yenisi ortaya çıxır və nə üçün başladığını unutmaq mümkündür. Burada əsas problem vaxtın azlığı deyil, diqqətin idarə olunmasındadır.
Müasir texnologiyalar isə vəziyyəti pisləşdirir. Telefon bildirişi və sosial şəbəkə yenilənmələri diqqəti tez-tez yayındırır. “Bir dəqiqə baxacam” niyyəti ilə başlanan telefon istifadəsi çox vaxt daha uzun fasilələrə çevrilir və əvvəlki işə qayıtmaq üçün daha çox zaman tələb olunur. Belə ki, işlərin arasına açılan kiçik fasilələr bəzən işi özündən daha çox dağıdır.
Yarımçıq qalan tapşırıqlar zehni fonu məşğul edir və yorğunluq hissi yaradır. “Məqaləni bitirməliyəm”, “hesabatı göndərməliyəm” kimi davamlı dolaşan fikirlər insanı əslində fiziki işləmədən də yorduğuna görə günün sonunda “çox məşğul idim, amma nə etdim?” sualı ortaya çıxır. Çünki bir gün ərzində əsasən işlər arasında keçid etmək baş verir.
Mütəxəssislər tövsiyə edirlər ki, eyni anda hər şeyi etməyə çalışmaq yerinə diqqəti bir-iki əsas tapşırığa yönəltmək lazımdır. Bunun üçün günün əvvəlində uzun siyahı tərtib etmək əvəzinə ən vacib işləri seçmək faydalıdır. Tapşırıqları mümkün qədər konkretləşdirmək — məsələn, “məqalə yazmaq” deyil, “məqalənin giriş hissəsini yazmaq” demək — diqqətin yayılmasının qarşısını alır. Telefon bildirişlərini müəyyən müddət söndürmək, sosial şəbəkələri fasilələrə saxlayıb bir iş bitmədən digərinə keçməmək də kömək edir.
Nəticə etibarilə, gün ərzində on işə başlayıb heç birini bitirməkdənsə, bir işi tamamlamaq daha böyük effekt verir. Beyin üçün də daha az açıq məsələ, daha çox tamamlanmış iş deməkdir və bu həm məhsuldarlığı, həm də ruh halını yaxşılaşdırır.