Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan “Rəqəmsal transformasiya kontekstində insan hüquqları: müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Konfrans çərçivəsində keçirilən “Rəqəmsal dünyada qadın hüquqları və gender bərabərliyi: müdafiə və imkanlar” adlı panel sessiyada çıxış edən Ombudsman milli insan hüquqları institutlarının və ombudsmanların süni intellektin təhlükəsiz, insan hüquqlarına uyğun tətbiqinin təşviqində vacib rol oynadığını bildirib.
Səbinə Əliyeva informasiya texnologiyalarının qadınların təhsil, sahibkarlıq və dövlət xidmətlərinə çıxışını genişləndirdiyini vurğulayıb. O, rəqəmsal platformaların xüsusilə sosial və fiziki məhdudiyyətləri olan qadınların ictimai həyata inteqrasiyasına və özünəinamına müsbət təsir etdiyini qeyd edib.
Müvəkkil Azərbaycanda aparılan son islahatların rəqəmsal inkişafın təmin edilməsinə və innovativ idarəetmənin güclənməsinə əhəmiyyətli töhfə verdiyini, qəbul edilən strateji sənədlərin isə süni intellektin etik, şəffaf və insan hüquqlarına uyğun istifadəsini hədəflədiyini diqqətə çatdırıb.
Ombudsman qadınların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən möhkəm hüquqi və institusional mexanizmlərin qurulmasının, süni intellekt və digər innovasiyalara gender bərabərliyi prinsiplərinin inteqrasiyasının və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Səbinə Əliyeva konfrans çərçivəsində “Qərar qəbuletmədə qadın liderliyi” mövzusunda keçirilən tədbirdə də iştirak edib. O, qadınların qərarvermə proseslərinə bərabər cəlb olunmasının real imkanlarla təmin edilməsinin zəruriliyini və bunun idarəetməni daha inklüziv edəcəyini bildirib.
Səfər müddətində Ombudsman Özbəkistan Respublikası Ali Məclisinin Senatı, Ali Məclisin Qanunvericilik Palatası və Konstitusiya Məhkəməsi ilə rəsmi görüşlər keçirib. Görüşlərdə insan hüquqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi və ombudsman təsisatları ilə parlament və məhkəmə orqanları arasında təcrübə mübadiləsinin gücləndirilməsinin önəmi vurğulanıb.
Müvəkkilə həmçinin Azərbaycanda həyata keçirilən insan hüquqları sahəsindəki fəaliyyət barədə məlumat verib və iki ölkə arasında dostluq və əməkdaşlığın insan hüquqları sahəsində də davam etdiyini diqqətə çatdırıb.