Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Arif ölkələrimiz arasındakı münasibətlərin son illərdə sürətlə inkişaf etdiyini qeyd edib.
O vurğulayıb ki, dövlət başçılarının görüşləri və imzalanan razılaşmalar ikitərəfli əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsinə xidmət edir.
Şöhrət Arif bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri media sahəsində aparılan əməkdaşlıqla daha da möhkəmlənir.
"Azərbaycan və Özbəkistan münasibətləri hazırda yüksək səviyyədə inkişaf edir. Bu inkişaf dinamikası çox müsbətdir. Ölkələrimizin dövlət başçıları arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar münasibətlərimizin bütün sahələrdə, o cümlədən media istiqamətində daha da genişlənməsinə şərait yaradır", - deyə o əlavə edib.
O, iki ölkənin media qurumları və jurnalistləri arasında əlaqələrin genişləndirilməsinin Azərbaycan-Özbəkistan münasibətlərinin ictimaiyyətə daha dolğun çatdırılması baxımından önəm daşıdığını söyləyib.
Mətbuat nümayəndəsi bildirib ki, son illərdə jurnalistlər arasında qarşılıqlı səfərlər, media turları və müxtəlif peşəkar tədbirlər təşkil olunur. Bu təşəbbüslər jurnalistlərə bir-birini yaxından tanımaq və daha obyektiv, dolğun məlumat hazırlamaq imkanı verir.
"Biz istəyirik ki, Azərbaycan və Özbəkistan jurnalistləri arasında bu cür qarşılıqlı səfərlər və media turları davamlı olsun. Özbəkistan jurnalistlərinin Azərbaycana, Azərbaycan jurnalistlərinin isə Özbəkistana səfərlərinin artması xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir", - Şöhrət Arif bildirib.
O həmçinin diqqətə çatdırıb ki, media əməkdaşlığı yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
"Xalqlarımızın tarixi və mədəniyyəti bir-birinə çox yaxındır. Media bu yaxınlığın daha geniş şəkildə tanıdılmasında mühüm rol oynayır. Jurnalistlər arasında əlaqələrin güclənməsi, qarşılıqlı səfərlərin və birgə layihələrin artması xalqlarımız arasındakı dostluq və qardaşlığın daha da möhkəmlənməsinə xidmət edir", - deyə o vurğulayıb.
Şöhrət Arif ənənəvi əməkdaşlığın davam edəcəyinə ümid etdiyini və media nümayəndələrinin qarşılıqlı fəaliyyətinin bu münasibətlərin daha da möhkəmlənməsi üçün vacib olduğunu əlavə edib.