Qırğızıstanda axtarış-xilasetmə qrupu Kurumdı zirvəsini pilotsuz uçuş aparatı ilə yoxlayarkən itkin düşən alpinistlərə aid ola biləcək cəsədlərin olduğu ehtimal edilən yer müəyyən edib.

Hadisə ilə bağlı Belarus Alpinizm və Qayayadırmanma Federasiyasının sədrindən verilən açıqlamaya görə, avqustun 8-də Kurumdı zirvəsinə qalxan üç alpinistlə əlaqə kəsilib. Qrupun üzvləri Belarus vətəndaşları Nikolay Sviridov və Maksim Polyanski, həmçinin Litva vətəndaşı Sergey Rubtsov idi.

Avqustun 16-sı səhər dronun yamac üzərində uçuşu zamanı qar-daş uçqunu baş vermiş zonanı qeydə aldığı qeyd edilib. Ekran görüntülərinin təhlili zamanı əvvəllər tapılmış əşyaların yaxınlığında, uçqunun gətirdiyi materialların arasında, ehtimal olunan cəsədlər müşahidə olunub.

Federasiya rəhbəri bildirib ki, cəsədlərin tapılmasına baxmayaraq, onların identifikasiyası hələ mümkün olmayıb. Vəziyyətin mürəkkəb qar-buz şəraiti və çətin relyeflə bağlı olduğu, heç kimin tapılanların yanına enə bilmədiyi vurğulanıb. Məlumatların helikopter və dron kimi texnika vasitələrinin fasiləsiz fəaliyyəti və toplanmış görüntülərin təhlili sayəsində əldə edildiyi bildirilib.

Axtarışlara dəstək məqsədilə yaradılmış saytda qeyd olunub ki, yekun identifikasiya yalnız cəsədlər aşağı endirildikdən sonra aparılacaq və o vaxta qədər adlar və digər təfərrüatlar açıqlanmayacaq. Ailələr vəziyyət barədə məlumatlandırılıb.

Sayt müəllifləri tapıntıların bir-biri ilə əlaqəli olduğunu, yamacdakı əşyaların üç alpinistin də eyni qrupda olduğunu göstərdiyini bildirib. Bu günlər ərzində yamacın aşağı hissəsində onların şəxsi əşyalarının da aşkar edildiyi vurğulanıb ki, bu da qəza zamanı qrupun parçalanmadığını göstərir.

Məlumatda qeyd edilib ki, yuxarı hissədə, təxminən 5 400 metr yüksəklikdə, dağın belində yeni qopma zonası müşahidə olunur. Tapılan əşyalar əsasında müəyyən edilən ehtimal olunan düşmə xətləri məhz həmin əraziyə cəmləşir və ora gedən izlər aşağıya qədər uzanır. Hadisənin dəqiq səbəbləri araşdırılır və fərziyyələr irəli sürülmür.

Eyni zamanda bildirilir ki, dağlarda hava yenidən əlverişsizləşib, uçuşlar dayandırılıb və xilasedicilərin düşərgəsi yığışdırılır. Ərazinin daş və qar uçqunlarının baş verdiyi zonada yerləşdiyi, insanları ora göndərməzdən əvvəl risklərin qiymətləndirilməsinin vacib olduğu, xilasedicilərin təhlükəsizliyinin bundan sonrakı əməliyyatların əsas şərti olduğu vurğulanıb. Qərar verildikdə əlavə məlumat veriləcəyi bildirilib.