Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşır və Azərbaycanın sülhə məcburetmə strategiyası regionda proseslərin dönməzliyinə təsir göstərir. Buna baxmayaraq, Ermənistanda revanşist dairələrin hələ də mövcudluğunu qoruduğu müşahidə olunur.
Bu qrupların güclü maliyyə imkanları, parlamentdə təsir sahələri, media əlaqələri, həmçinin erməni kilsəsi və bəzi xarici dəstəkçilərin köməyi ilə sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün çalışdıqları bildirilir. Baş nazir Nikol Paşinyanın əsas vəzifəsi daxildəki bu təhdidləri vaxtında neytrallaşdırmaq və Azərbaycanla başlayan barışıq prosesinə dönməz xarakter verməkdir.
Praktiki sahədə atılan addımlar da nəzərə çarpır. İrəvanda təsdiq edilib ki, azərbaycanlı mütəxəssislər 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında Ermənistanda olub. Həmin görüşlərdə elektrik ötürücü xətlər, dəmir yolu bağlantıları, boru kəmərləri və kommunikasiya xətləri ilə bağlı konkret müzakirələr aparılıb ki, bu da iqtisadi və enerji inteqrasiyasına yönəlmiş real addımların atılmağa başlandığını göstərir.
Gələcəkdə Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı üzrə əməkdaşlığın mümkünlüyü barədə də müzakirələr aparılıb. Lakin regionda sülh və sabitliyin bərqərar olmasını arzu etməyən qüvvələrin bu inkişafdan narahat olduqları vurğulanır.
Eyni zamanda İrəvanda təxribat xarakterli tədbirlər üçün hazırlıq getdiyi barədə məlumatlar yayılıb. Avqustun 18-də keçmiş separatçı strukturların nümayəndələrinin qondarma qurumun nümayəndəliyində görüş keçirməyi planlaşdırdıqları, görüşdə yeni “prezident seçkisi” və “parlament sədri” kimi məsələlərin müzakirə olunacağı iddia edilir. Bu vəziyyət bir sıra suallar doğurur: həmin nümayəndəlik niyə hələ də fəaliyyət göstərir və İrəvan belə açıq toplantılara imkan verəcəkmi?
Politoloq Rəşad Qənizadə hesab edir ki, revanşist qüvvələrin yenidən aktivləşməsi və keçmiş separatçıların müxtəlif bəhanələrlə fəaliyyətə qayıtması İrəvanın ikili mövqeyindən xəbər verir. Onun fikrincə, bir tərəfdən kommunikasiyaların açılmasından və enerji layihələrindən danışmaq, digər tərəfdən isə qondarma rejimin qalıqlarını himayə etmək sülh prosesinə ciddi zərbədir.
Rəşad Qənizadə əlavə edib ki, İrəvan belə qeyri-müəyyən yanaşmaya davam edərsə, həm öz gələcəyini riskə atır, həm də regiondakı sabitliyi pozmağa çalışan xarici qüvvələrin mövqeyini gücləndirir. O, Paşinyan hökumətini daxildəki separatçı yuvaları ləğv etməyə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırır.
Politoloqun sözlərinə görə, Azərbaycan sərhədləri daxilində separatizm və revanşist cəhdlərə qarşı hər zaman qətiyyət göstərəcək və istənilən təxribatın qarşısı alınacaq. O, Bakı tərəfindən proseslərin diqqətlə izlənildiyini və İrəvandan konkret addımlar tələb edildiyini vurğulayıb; əgər Ermənistan rəhbərliyi bu cür riskli oyunları davam etdirərsə, məsuliyyətin onların üzərinə düşəcəyi bildirilib.