Misli Premyer Liqasının ilk turunda bu gün iki qarşılaşma nəzərdə tutulub.

Günün ilk matçı Sumqayıt şəhərində baş tutacaq. “Sumqayıt” komandası saat 19:00-da “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək.

Bu görüşdə hakim briqadasına Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov və Əkbər Əhmədov təyin olunub. VAR funksiyasını Kamranbəy Rəhimov həyata keçirəcək, AVAR vəzifəsini Pərvin Talıbov icra edəcək. Hakim-inspektor kimi Şahin Cəfərov, AFFA nümayəndəsi kimi isə Seymur Səlimli göstərilib.

Günün ikinci oyunu “Zirə”nin evində keçiriləcək. “Zirə” ilə Premyer Liqanın debütantı “Şəfa” arasındakı matç saat 21:00-da start götürəcək.

Bu qarşılaşmanın baş hakimi Elvin Bayramov, ona kömək edəcək hakimlər Kamran Bayramov, Rahil Ramazanov və Vüqar Həsənli olacaq. VAR dəstəyini Rəşad Əhmədov təmin edəcək, AVAR funksiyasını Eyyub İbrahimov yerinə yetirəcək. Hakim-inspektor Orxan Məmmədov, AFFA nümayəndəsi Nəriman Axundov olaraq təyin edilib.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib, “Sabah” isə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan” ilə “İmişli” qarşılaşmasında qol qeydə alınmayıb.

Turnirin I turu avqustun 17-də yekunlaşacaq.