Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan xalqı və şəxsən Prezident Şavkat Mirziyoyevə azad edilmiş ərazilərə göstərdikləri köməyə görə təşəkkür edib.

Dövlət başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə ölkələr arasında əməkdaşlığın konkret nümunələrinə toxunub. O, Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına orta məktəbi təhsil sahəsində əməkdaşlığın parlaq göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev müsahibəsində bildirib: "Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Ölkələr arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk".

Müsahibədə həmçinin azad edilmiş torpaqlarda bərpa və tikinti işlərinə göstərilən yardımın ölkələr arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.