Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

Təqdimat mərasimində səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Görüş zamanı Dankan Norman çıxışına Azərbaycan dilində başlayaraq belə deyib: "Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram".

Səfir Birləşmiş Krallıq və Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini vurğulayaraq, ortaq prioritetlər çərçivəsində əməkdaşlığın dərinləşəcəyini, təhlükəsizlik sahəsində gücləndirmənin və innovasiyalar vasitəsilə irəliləyişlərin olacağını bildirib.

Dankan Norman bərpaolunan enerji, müdafiə və aviasiya sahələrində dinamik tərəfdaşlıq qurmaq istədiklərini, həmçinin təhsil sahəsində əlaqələrin inkişaf etdiyini və gənclər arasında körpülərin möhkəmləndiyini diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması yönündəki səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini qeyd edib. Həmçinin səfir ölkəsinin Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan olduğunu xatırladıb.

Prezident İlham Əliyev səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb və onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib. Dövlət başçısı həm ikitərəfli məsələlərin, həm də regional inkişaf və əməkdaşlıq baxımından gündəlikdə duran mövzuların əhəmiyyətini vurğulayıb.

Minatəmizləmə sahəsində göstərilən yardıma görə Böyük Britaniya Hökumətinə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu sahədə ölkənin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu qeyd edib.

Prezident həmçinin Azərbaycanın və Böyük Britaniyanın əməkdaşlığının 30 il əvvəl əsasən enerji sahəsində başladığını xatırladaraq, indi bərpaolunan enerji sahəsində böyük potensial olduğunu vurğulayıb və bu kontekstdə ölkəmizdə bp tərəfindən tikilmiş ilk Günəş elektrik stansiyasına toxunub.

Dövlət başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı bildirərək bunun region üçün əhəmiyyətli dəyişiklik olduğunu deyib. O, regional vəziyyəti nəzərə alaraq təhlükəsizliyin prioritet olaraq qalacağını vurğulayıb.

Görüşdə həmçinin Azərbaycanda yaradılmış müsbət investisiya mühiti və Azərbaycanla Britaniya şirkətləri arasında böyük qarşılıqlı maraq qeyd edilib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.