Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Zəngəzur dəhlizinə dair vəziyyəti şərh edib.

Dövlət başçısı layihənin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdiyini, Azərbaycanın əsas hissəsində bu işlərin gələn il başa çatmasının planlaşdırıldığını diqqətə çatdırıb.

Konseptual yanaşmaya görə, Naxçıvan dəmir yolu Azərbaycan dəmir yolları sisteminin tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu marşrut üzrə investisiya qoymaq, gəlir əldə etmək və daşımaların həcmini təmin etmək istəyən ölkə və şirkətlərin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılması nəzərdə tutulur.

Prezident bildirib ki, Ermənistanda da işlər gedir və amerikalı tərəfdaşlar bu barədə müntəzəm məlumat verirlər. O qeyd edib: "Bizə deyilənlərə görə, Ermənistan ərazisində tikinti ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlayacaq. Lakin oradakı məsafə cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikasının ərazisində isə 194 kilometrdir. Bəli, buna görə də işə başladıq, bütün hallarda onu tamamlayacağıq.

"Amma müxtəlif şirkətlərdən maraq olduğunu bildiyimiz üçün sadəcə məlumat vermək istərdim ki, əgər maraq varsa, təklif olunan konsorsiumda iştirak etmək imkanı mövcuddur", - deyə dövlət başçısı əlavə edib.