Qara dənizdə “Primavera Marine” şirkətinə məxsus, Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” quru yük gəmisi dron hücumuna məruz qalıb.
Hadisə ilə bağlı məlumatı “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə paylaşıb. O, hadisə zamanı ekipaj üzvlərinin təhlükəsiz olduğunu bildirib.
İlham Nəsirovun verdiyi məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb: “Şükürlər olsun ki, itki yoxdur.” Gəminin 11 nəfərlik heyətindən 1 nəfəri Gürcüstan, 10 nəfəri isə Azərbaycan vətəndaşıdır.
Məlumatda qeyd olunur ki, hücuma məruz qalan gəmiyə hal-hazırda müdaxilə edilib və o, Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir.