Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində Rasim Məmmədov küçəsinin 8-ci döngəsində yerləşən məhəllədaxili yolda sonu uçurumla nəticələnən vəziyyətin videomaterialı sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Məlumatlarda həmin yolun üzərində xəbərdaredici nişanların olmadığı vurğulanır. Bu vəziyyət xüsusən ərazidən ilk dəfə istifadə edən sürücülər üçün təhlükə mənbəyidir.
Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, məsələ uzun müddət həllini tapmayıb və təhlükə davam edir. Onlardan biri ilə əlaqədar qeyd edilib ki, iki gün əvvəl küçənin sonundakı boşluğa təhlükəsizlik məqsədilə torpaq tökülüb.
Qaradağ Rayon İcra Hakimiyyəti bildirir ki, mövzu nəzarətə götürülüb və yaxın vaxtlarda aidiyyəti qurumlar tərəfindən xəbərdaredici nişan və təhlükəsizlik baryeri quraşdırılacaq.