Son günlər “Qırmızı körpü” gömrük-keçid məntəqəsinin Gürcüstan tərəfində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Sürücülər növbələrin kilometrlərlə olduğunu bildirirlər.
Türkiyədən gələn TIR sürücüsü Hasan Sarısoy qeyd edib ki, yeddi gündür növbə gözləyir və əvvəlcə üç gün park girişinə ümidlə gözlənildikdən sonra dörd gün parkda qalmalı olub. O, yolların vəziyyətinin pis olduğunu, sürücülərin tualet və yemək kimi əsas şəraitdən məhrum olduğunu vurğulayıb və səbəb soruşulduqda gürcü tərəfin iş proqramının işləmədiyi bildirildiyini deyib.
Başqa bir sürücü, Əli Əyri isə bildirib ki, on gündən artıq müddətdir növbədədir: bir gün Türkiyədə, dörd gün “Qırmızı körpü”nün Gürcüstan tərəfində və daha üç gün burada gözləyib; bundan sonra iki gün Batumidə qala biləcəyini əlavə edib.
Türkiyəli sürücü Hüseyn Yanık isə 35 ildir Azərbaycana yük daşıdığını və indiyə qədər belə sıxlıqla rastlaşmadığını söyləyib.
Sürücülərin uzun müddət yolda qalması yanacaq istehlakını artırır və daşınan yükün təyinat yerinə çatmasını gecikdirir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri yaranmış sıxlığın həlli üçün müzakirələr aparıblar. Sıxlığın aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətlənməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.