Qlobal ərzaq təminatı üç əsas amildən asılıdır və hazırda hər üçündə ciddi problemlər müşahidə olunur. Bu şərtlərin pozulması dünyanın bir sıra bölgələrində ərzaq təhlükəsi yarada bilər.
Kanadadakı Quelf Universitetinin professoru Evan Freyzerin sözlərinə görə, qlobal qida sistemi fasiləsiz ticarət, ucuz enerji və sabit iqlimə əsaslanır. "Hazırda elə bir vəziyyət yaranıb ki, sanki bu şərtlərin heç biri yerinə yetirilmir", - o bildirib.
Fasiləsiz ticarətin pozulması bir sıra dəniz yollarının və regionların münaqişə zonasına çevrilməsi ilə bağlıdır. Xüsusilə buğda və digər aqrar məhsulların daşınmasında istifadə olunan Qara və Qırmızı dəniz məkanlarında yaranan gərginlik ticarətin axarını zəiflədir.
İqlim faktorları da məhsuldarlığı aşağı salır. Avropada müşahidə olunan yüksək temperatur dalğaları kənd təsərrüfatı istehsalına mənfi təsir göstərərək məhsuldarlıq səviyyələrində azalmaya gətirib çıxarıb.
Enerji və logistika problemləri gübrə təchizatına da təsir edir. Avstraliya kimi bəzi əsas buğda istehsalçılarında Hörmüz boğazında yaranan vəziyyət gübrə çatışmazlığına səbəb olub. Eyni zamanda, ABŞ-da fermerlər quraqlığın yaratdığı çətinliklərlə üzləşərək məhsul itkisinə məruz qalırlar.
Birləşmiş Millətlərə bağlı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı may ayında Hörmüz boğazında yaranmış vəziyyətlə əlaqədar qlobal ərzaq böhranı təhlükəsi barədə xəbərdarlıq etmişdi. Ekspertlər bu üç amilin birgə təsirinin ərzaq təminatında daha geniş problemlərə yol aça biləcəyini bildirirlər.