Quşqaya Qobustan rayonunda, Cəngi kəndindən 17 kilometr cənub-qərbdə yerləşir.

Qayanın hündürlüyü dəniz səviyyəsindən 326 metr, uzunluğu təxminən 90 metr, eni isə 50 metrədəkdir.

Yamacların meyilliliyi 60 dərəcədən artıqdır. Geoloji quruluş baxımından bu relyef palçıq vulkanizminin təsiri ilə formalaşıb və Qobustanın mürəkkəb dağlıq landşaft xüsusiyyətlərini əks etdirir.

Quşqayadan təxminən bir kilometr şimal-şərqdə eyniadlı bir silsilə yerləşir. Bu kəskin parçalanmış relyefli silsilənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 401 metr yüksəklikdədir.

Silsilə cənub-şərqdən şimal-qərbə doğru təxminən üç kilometr uzanır. Quşqaya ətrafı palçıq vulkanları və dağlıq relyeflə seçilən ərazilər sırasındadır.

Qobustan Rayon İcra Hakimiyyətinin məlumatlarına görə rayon ümumilikdə mürəkkəb relyefə malik dağlıq zonadır, Cəngi kəndi isə həmin inzibati ərazi vahidlərindən biridir.

Quşqayadan çəkilmiş fotoreportaj təqdim olunur.