Qusar rayonunda kənd təsərrüfatına həsr olunmuş iki festival təşkil olunub. Tədbirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ilə Qusar Rayon İcra Hakimiyyəti birgə həyata keçirib.
Festivalın əsas məqsədi meyvəçilikdə yeni texnologiyaların tətbiqini təbliğ etmək, intensiv bağçılıq imkanlarını nümayiş etdirmək, fermer və sahibkarları dövlət dəstəyi barədə məlumatlandırmaq və aqrar sahədə əməkdaşlığı genişləndirmək olub.
Tədbir Qusar Rayon Mərkəzi Meydanında keçirilib. Festivalda müxtəlif regionlardan meyvəçilik təsərrüfatları, fermerlər, sahibkarlar və aqrar sektorda fəaliyyət göstərən şirkətlər iştirak ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin rəhbəri Sahir Məmmədxanov rayonun təbii-iqlim şəraitinin və torpaq resurslarının meyvəçilik üçün əlverişli olduğunu vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının prioritetlərinə diqqət çəkərək meyvəçiliyin aqrar sektor üçün önəmli istiqamət olduğunu, intensiv istehsalın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi və innovativ həllərin artırılmasının əsas vəzifələrdəndir dedi.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın fermerlər və sahibkarlar arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq əlaqələrinin formalaşması baxımından vacib olduğunu bildirib.
Tədbirdə Azərbaycan üzrə 70-dən çox meyvəçilik təsərrüfatı, fermer və sahibkar iştirak edib. Təqdim olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi təxminən 10 min hektar olub.
Hazırda ölkədə meyvəçilik təsərrüfatlarının ümumi sahəsi təxminən 50 min hektara bərabərdir. Dövlət Proqramına əsasən bu göstərici 2030-cu ilə qədər 70 min hektara çatdırılmalıdır.
Festival çərçivəsində dövlət dəstəyi, maliyyələşmə imkanları və aqrar sığorta xidmətlərinə dair panel müzakirəsi də təşkil olunub. Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun və "Unibank"ın nümayəndələri iştirak ediblər.
Həmçinin tədbirdə məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi və innovativ texnologiyaların genişləndirilməsi ilə bağlı məlumatlandırıcı materiallar nümayiş etdirilib.
"I İntensiv Meyvə Bağları Festivalı"na "İSFA", "METAK", "İsmikhanlı", "Fresh Garden" və "El-Fruits" şirkətləri dəstək verib.