Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində regionlara turist səfərlərinin təşviqi üçün yeni tədbirlər həyata keçiriləcək.

Proqramda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının yaxşılaşdırılması və turizm informasiya xidmətlərinin genişləndirilməsi prioritetlər kimi müəyyən edilib. Məqsəd regionlara gedən marşrutların aksesibilliyini artırmaq və ziyarətçilərin məlumat alma imkanlarını genişləndirməkdir.

Tədbirlər paketinə avtomobil, avtobus və dəmiryol vasitəsilə regionlara çıxışı asanlaşdırmaq, həmçinin Naxçıvana təşkil olunan turist səfərlərinin şərtlərini təkmilləşdirmək daxildir. Bu, həm daxili, həm də xarici turistlərin bölgələrə səfərini stimullaşdırmağı nəzərdə tutur.

Dövlət Proqramında dəmiryol biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası planlaşdırılır. Bundan əlavə, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmiryol bileti paketləri və müxtəlif istiqamətlər üzrə güzəştli bilet təkliflərinin yaradılması öngörülür.

Regionlarda turizm informasiya xidmətlərinin genişləndirilməsi də görüləcək tədbirlər sırasındadır, bu da turistlərin marşrutları planlaşdırmasını və yerli xidmətlərdən yararlanmasını asanlaşdıracaq.